Qlobal Bakı Forumu
Qlobal Bakı Forumu — Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2021-ci illər aralığında sayca 7 forum keçirilmişdir.
Cənubi Qafqaz Forumu 2013-cü ilin 7–8 may tarixində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak etmişlər. Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağmünaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunmuşdur. İki gün davam edən foruma İordaniya kraliçası xanım Nur, BMT Baş Katibinin xüsusi müşaviri Nafis Sadek, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və bir sıra ölkələrin sabiq prezidentləri ilə yanaşı, ümumilikdə dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılmışdır.
2014-cü ilin 28–30 aprel tarixlərində Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilmişdir. Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak etmiş, nitq söyləmişdir.
2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim iştirak etmişdir. Dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçısı da olmuşdur.Tədbirdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vayra Vike-Freyberqa, İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin, Bolqarıstan, Serbiya, Rumıniya, Moldova, İsrail və digər ölkələrin sabiq dövlət və hökumət rəhbərləri iştirak edirlər.